Вот статья в Хюррийете
Rusiyada “Qarabağ müharibəsi haqqında oçerklər” kitabı işıq üzü görüb
Bu günlərdə Rusiya Federasiyasında Qarabağ müharibəsinə həsr edilmiş “Qarabağ müharibəsi haqqında oçerklər” adlı elektron kitab dərc edilib. Kitabın müəllifi illərdir Qarabağ müharibəsinin araşdırılmasıyla məşğul olan, Rusiyada yaşayan soydaşımız Məmməd Vəliməmmədovdur.
Məmməd Vəliməmmədovla telefon bağlantısı qurduq. Sözügedən kitabın müəllifi Hurriyyet.org-a bunları söylədi:
“1978-ci ildə Bakıda anadan olmuşam. 25 ildən çoxdur ki, Moskva şəhərində yaşayıram. Mən nə tarixçiyəm, nə jurnalistəm, nə də blogerəm. İxtisasca hüquqşünasam. Sadəcə bir azərbaycanlı kimi, Azərbaycan torpağının oğlu kimi, vətənimlə bağlı gerçəkləri, Qarabağ müharibəsi haqda həqiqətləri Rusiya ictimaiyyətinə çatdırmağı özümə borc bilirəm.
Qeyd edim ki, ermənilər Rusiyada Qarabağ hadisələri, Qarabağ müharibəsi ilə bağlı kifayət qədər məqalə və kitab çap etdiriblər, bu gün də davam edirlər. Koçaryanın yalan və iftira dolu, heç bir real fakta əsaslanmayan kitabı ermənilərin rusdilli oxuculara Qarabağ mövzusunda təqdim etdiyi ən son kitabdır.
Bizdə isə Qarabağ müharibəsi haqda rusdilli material yetərincə deyil. Çap olunan məqalələrin, işıq üzü görən kitabların böyük əksəriyyəti Azərbaycan dilindədir və azərbaycanlı oxucular üçün nəzərdə tutulub. Halbuki, haqq səsimizi dünyaya çatdırmaq üçün əcnəbi dillərdə imkan qədər çox material dərc etməliyik.
Elə bu məramla da 12 ildir ki, Qarabağ müharibəsinin tarixini araşdırıram, materiallar toplayıram. Özüm müharibə iştirakçısı olmasam da, Qarabağ qaziləri ilə mütəmadi əlaqə saxlayıram, onların müharibə haqda söhbətlərini dinləyirəm, həmçinin Qarabağ gerçəkliklərini əks etdirən yazılı materialları, video görüntüləri-müsahibə və verilişləri, sözügedən mövzuda yazılan kitabları nəzərdən keçirirəm, araşdırıram və məqalələr yazıram.
Bu vaxtadək Rusiya Federasiyasının paytaxtında bu mövzuda rus dilində yazdığım bir sıra məqalələr çap olunub. Sözügedən kitab bu günədək yazdığım məqalələrin toplusudur, ilk kitabımdır. Bu kitabın çap versiyası yoxdur, elektron kitab kimi oxuculara təqdim olunur. Burda kitab çap etdirmək kifayət qədər mürəkkəb məsələdir, bir sıra suallar meydana çıxır, elektron kitab ərsəyə gətirmək isə daha asandır.
Kitab bu ilin 22 martından litres.ru saytına yerləşdirilib. Litres. ru Rusiyada elektron kitabların satışı ilə məşğul olan ən böyük saytdır. “Qarabağ müharibəsi haqda oçerklər” kitabının satış hüququ yalnız sözügedən sayta məxsusdur. Kitabla tanış olmaq istəyən soydaşlarımız həmin sayta daxil olub kitabı online oxuya bilər.
Amma əlimdə “Qarabağ müharibəsi haqda oçerklər” kitabına daxil eilməyən kifayət qədər material var, araşdırmalarımı da davam etdirəcəyəm. Ümid edirəm ki, gələcəkdə kitabın daha geniş çap versiyası işıq üzü görəcək.”
http://hurriyyet.org...PQJmigribegdn1A